XƏBƏR

Dalağı, qaraciyəri, mədəsi, bağırsaqları döş qəfəsində doğulan 1 günlük körpə əməliyyat olunub - FOTO

date 22 Sentyabr 2020

Dalağı, qaraciyəri, mədəsi, bağırsaqları döş qəfəsində doğulan 1 günlük körpə əməliyyat olunub - FOTO

Azərbaycanda dalağı, qaraciyəri, mədəsi, bağırsaqlarının bir qismi döş qəfəsində olan uşaq doğulub. 1 günlük, çəkisi 2700 qram olan körpə əməliyyat olunub. 

e-tibb.az xəbər verir ki, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, uşağın valideynləri hamiləliyin 5-ci ayından övladlarının həyatını riskə atan xəstəliklə doğulacağını biliblər. Hələ dünyaya göz açmadan onun yaşayıb-yaşamayacağı ciddi sual altında olub. Körpə doğulan kimi təcili süni tənəffüs aparatına bağlanıb. Aparılan müayinələr nəticəsində məlum olub ki, döş qəfəsini qarın boşluğundan ayıran təbəqə-diafraqmada defekt mövcuddur. Qarın boşluğundakı orqanlar döş qəfəsinə keçərək ağciyərin inkişafına, açılmasına, ürəyin fəaliyyətinə mane olaraq körpənin həyatını riskə atıb: “Belə vəziyyətdə gözləmək onun həyatının itirilməsi demək idi. Ona görə də 1 günlük, çəkisi 2700 qram olan körpə cərrahi əməliyyata alındı. Əməliyyat zamanı məlum oldu ki, dalaq, qaraciyər, mədə, bağırsaqların bir qismi döş qəfəsindədir. Orqanlar qarın boşluğuna qaytarıldıqdan sonra diafraqmadakı deffekt bərpa edildi.

Mərkəzi Klinikanın anesteziologiya və neonotologiya şöbəsinin həkimləri sayəsində körpə kritik vəziyyətdən çıxarıldı. 10 gün sonra körpəni evlərinə yola saldıq. Bu xəstəliklə doğulan körpələrin təəssüf ki 60%-i həyatını itirir, bizim güclü Ahu qızımız qalib gəldi”.