XƏBƏR

Günəş ləkələrinə qarşı bunları etmək yolverilməzdir

date 27 İyul 2020

Günəş ləkələrinə qarşı bunları etmək yolverilməzdir

Günəş şüalarının təsiri nəticəsində həm qadınlarda, həm də kişilərdə dəridə ləkələr yaranır. Ən çox üz dərisində yaranan ləkələr əsasən yayda meydana çıxır. Ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır.

Dermatoloq, uzman həkim Firayya Məmmədova e-tibb.az-a bildirib ki, Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri - melazma ən çox qadınları narahat edən problemdir. Bu ləkələr ən çox üz dərisində kəpənənəkvari olaraq yayılır: "Ən çox alında, üzün yan hissələrində, yanaqlarda, burun ətrafında olur. Qadınlarda üzdə olan ləkələr adətən ya hamiləliklə bağlı olur, ya da Günəş ləkəsidir. Hər ikisində genetik meyllilik üstünlük təşkil edir".

Dermatoloq deyib ki, ləkələr hər şeydən əvvəl düzgün müayinə olunmalıdır. Dərinin  hansı qatında, üst qatda, yoxsa daha dərində olduğu müəyyən edilməlidir. Müalicə üsulları da buna uyğun olaraq seçilir. Vəziyyətdən asılı olaraq krem və ya dərman-iynə müalicələri təyin olunur.

Onun sözlərinə görə, belə ləkələr zamanı edilən ən böyük yanlış evdə tədbirlərin görülməsidir: "Məsələn, ləkələrə limon suyu çəkmək, bitki müalicələri etmək, aptekdən alınan dərmanların istifadəsi düzgün deyil. Başqa bir yanlış pilinqlərin edilməsidir. Bu halda ləkələrin daha da geniş yayılması şikayətləri olur. Özfəaliyyət şəklində edilən müalicələr xeyirdən çox ziyan vurur. Ləkə varsa, dermatoloqun müayinəsi lazımdır. Çünki bu, hormonal balansın pozulması nəticəsində də baş verə bilir. Bəzən adi ləkə deyib keçilə bilər, amma bunun hormonal dəyişikliklərlə bağlı yaranması da mümkündür. Səbəb tapılmalı, ona uyğun olaraq müalicə olunmalıdır. Ona görə də mütləq dermatoloq müayinəsi lazımdır".

Dermatoloq deyib ki, hər kəs bayıra çıxanda mütləq Günəş qoruyucu krem çəkməlidir. Günəş ləkələri olanlar isə daha diqqətli olmalıdırlar. Günəş qoruyucu krem çəkməklə yanaşı, üzü də qoruyacaq papaq, şlyapa geyinməli, mümkü olsa çətirdən istifadə etməli, eynək taxmalıdırlar. Bədəndə ləkə varsa, dəri rəngindən açıq və ya tünd olmasından asılı olmayaraq, kremlə, geyimlə qoruması vacibdir.