XƏBƏR

Maskalardan istifadəyə dair bələdçi: Ən geniş yayılan 6 səhvdən çəkinmək lazımdır?

date 6 Sentyabr 2020

Maskalardan istifadəyə dair bələdçi: Ən geniş yayılan 6 səhvdən çəkinmək lazımdır?

BMT-nin Uşaq Fondu – UNİCEF maskalardan düzgün istifadə, uşaqların maska taxmasına dair bələdçi hazırlayıb.

e-tibb.az UNİCEF-in Azərbaycan nümayəndəliyinin açıqladığı bələdçini təqdim edir:

Maskalar COVİD-19 virusunun yayılmasını dayandırmağa kömək edir, lakin bir çox valideynlər tərəfindən deyildiyi kimi, onları uşaqlara tətbiq etmək asan deyil. Yoluxmanı azaltmaq üçün maska taxmaq təcrübəsi bəzi ölkələrdə uzun bir tarixə malikdir. Lakin bir çox ailələr üçün 2020-ci il maskanın ilk taxılması kimi yadda qalacaq. Daha əvvəl bir maska geymədiyiniz təqdirdə, ehtimal ki, bir çox sualınız var. Ailəniz üçün ən yaxşı qərarlar verməkdə sizə kömək etmək üçün maskalar və COVİD-19 haqqında ən son ekspert məlumatları, maskaların düzgün istifadəsi və onlara baxım yolları, eləcə də maskaları ailənizdə uğurlu tətbiqi haqqında məlumatlar toplamışıq.

Nə üçün maska geyinməli və yaxud üzü bağlamalı?

COVİD-19-un yayılmasının əsas yollarından biri, insanların danışdıqları, mahnı oxuduqları, öskürdükləri və ya asqırdıqları zaman tənəffüs damcılarıdır. Araşdırmalar davam etsə də, biz artıq virusun, simptomlarını göstərməyən insanlar tərəfindən yayıla biləcəyini bilirik, yəni bəzi insanlar bunu fərq etmədən yoluxucu ola bilər.

Bu, COVİD-19-un geniş yayıldığı yerlərdə fiziki məsafə saxlamağın nə üçün bu qədər vacib olduğunun səbəblərindən biridir. Amma heç də həmişə izdihamlı ictimai yerlərdə ətrafdakılardan məsafəni saxlamaq mümkün olmur və məhz buna görə belə şəraitdə parça maskanın istifadəsi bir-birini qorumaq üçün tövsiyə edilir.

Lakin unutmayın ki, tək maska COVİD-19 yayılmasının qarşısını almayacaq -  biz hamımız fiziki məsafə saxlamağı davam etməliyik və tez-tez əllərimizi yumalıyıq. Bu addımları birlikdə ataraq, COVİD-19-a qalib gələ bilərik.

Ailəm üçün hansı növ maska almalıyam?

Qeyri-tibbi maskalar (onlara həmçinin parça maskalar və yaxud üz örtükləri deyilir): Əgər siz və ailəniz COVİD-19-un geniş yayıldığı bir ərazidə yaşayırsınızsa və COVİD-19 simptomlarınız yoxdursa, o zaman qeyri-tibbi maskalardan istifadə etmək tövsiyə olunur.

Tibbi maskalar: Pandemiya səbəbindən bütün dünyada tibbi maskalar qıtlığı var. Əgər siz və ya ailə üzvünüz COVİD-19 səbəbindən ağır xəstəlik riski ilə üzləşmisinizsə (60 yaşdan yuxarı insanlar və ya əlaqəli xəstəliklər) və yaxud COVİD-19 virusu olan kiminsə qayğısına qalırsınızsa, bu maskalardan istifadə etmək tövsiyə olunur. Sizdə COVİD-19 simptomları varsa, ətrafdakıları qorumaq üçün tibbi maska geyinməlisiniz.

Parça maskaların hansı növü ən yaxşıdır?

Parça maskalar və ya üz örtükləri müxtəlif materiallardan istehsal olunur və siz onu evdə düzəldə və ya mağazada satın ala bilərsiz. Parça maskaların istifadəsi ilə bağlı tədqiqatlar davam etsə də, onların effektivliyi istifadə olunan parçanın növündən və qatların sayından asılıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu maskaların üç qatlı olmasını və qatların aşağıdakılardan ibarət olmasını tövsiyə edir:

•pambıq kimi absorbent materialdan hazırlanmış daxili təbəqə

•polipropilen kimi qeyri-toxunma materialdan hazırlanmış orta təbəqə

•poliester və ya poliester qarışığı kimi qeyri-absorbent materialdan hazırlanmış xarici təbəqə

Seçdiyiniz üz örtüyü növündən asılı olmayaraq, burun, ağız və çənəni bağlamalıdır və elastik ilmələrlə və ya qaytanlarla bərkidilməlidir.

Mənim ailəm maskanı nə vaxt geyinməlidir?

Övladlarınızın maska geyinmə zərurəti, onların yaşı və maskadan təhlükəsiz və düzgün istifadə etmək qabiliyyəti də daxil olmaqla bir sıra amillərdən asılıdır. Daha ətraflı məlumat üçün UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bələdçi təlimatlarına baxın.

Əgər sizin ərazidə COVİD-19 geniş yayılıbsa, bu zaman ətrafdakılardan fiziki məsafə saxlamaq çətin olduğu bütün ictimai yerlərdə parça maska geyinmək lazımdır, qapalı ictimai yerlərdə isə bunu daim etməlisiz. Mümkün qədər izdihamlı yerləri və zəif ventilyasiya olunan qapalı məkanları ziyarət etməkdən çəkinin.

Maskalar və COVİD-19-dan istifadə haqqında bir çox yanlış məlumatlar dolaşır, odur ki, ailənizin sağlamlığına dair qərarlar qəbul edərkən UNICEF, ÜST, eləcə də milli və yerli səhiyyə orqanları kimi nüfuzlu mənbələrdən istifadə etdiyinizə əmin olun.

Maskanı nə vaxt geyinməli deyilsiz?

Kənardan kömək olmadan maskanı çıxara bilməyənlər, o cümlədən körpələr, azyaşlı uşaqlar və yaxud tənəffüs çətinliyi olanlar maskadan istifadə etməməlidir.

UNICEF və ÜST-ün tövsiyələrinə görə 5 və daha kiçik yaşlı uşaqlardan maska geyinmək tələb olunmamalıdır. Bu yanaşma, uşaqların təhlükəsizliyinə əsaslanır və onların inkişaf mərhələlərini fərqli yaşlarda keçdiyini qəbul edir.

Əgər 5 və daha kiçik yaşlı uşaqların maska geyinməyini tələb edilirsə, onda siz və ya başqa tərbiyəçi uşağın maskadan təhlükəsiz istifadəsinə nəzarət etmək üçün uşağı birbaşa göz önündə saxlamalısız.

Əgər ailə üzvünüzün sağlamlıq vəziyyəti və ya əlilliyi maska geyinməyi çətinləşdirirsə, ən yaxşı çıxış yolu tapmaq üçün həkiminizlə məsləhətləşin.

İdmanla məşğul olduğunuz zaman ev və ya ətrafdakılardan təhlükəsiz fiziki məsafə saxlaya biləcəyiniz məkan kimi (məsələn, açıq havada), maska geyinmək lazım olmayan yer seçin. Uşaqlar və böyüklər idmanla və ya fiziki fəaliyyətlərlə məşğul olduqda maska geyinməməlidir ki, bu onların nəfəsini pozmasın. Tər də maskanı nəmli edə bilər, nəfəsi çətinləşdirər və mikrobların böyüməsini asanlaşdıra bilər.

Övladlarım üçün maska aldığımda nəyə diqqət yetirməliyəm?

Bir çox maskalar böyüklər üçün nəzərdə tutulub və uşaqlara uyğun olmayacaq. Maska alanda, övladınızın ölçüsünə uyğun birini seçin. Övladlarınız üçün maskaları aldığınız və ya özünüz düzəltdiyiniz zaman, fikir verin ki, onlar ağız, burun və çənəni örtsünlər, yan tərəflərdə heç bir boşluq qalmasın və uşağın baxış dairəsi bağlanmasın. Uşaqların sürətli gəzinti və danışıq zamanı maskada sərbəst nəfəs ala biləcəyinə əmin olun.

Parça maskanı necə təmizləməli?

Parça maskaları ən azı gündə bir dəfə əsasən isti suda (60 dərəcədən az olmayaraq) sabun və ya yuyucu vasitə ilə yuyun. Maskanı paltaryuyan maşında yuyarkən, bu tip parçaya ən isti, uyğun yuyulma rejimindən istifadə edin. Maskanı əl ilə yuyarkən isti, sabunlu sudan istifadə edin. Yuyulduqdan sonra maska yenidən geyilmədən öncə tamamilə qurudulmalıdır. Maskaları təmiz paketdə saxlayın.

 Maskanın düzgün taxılması, çıxarılması və qulluq edilməsi sizin və ətrafınızdakı insanların sağlamlığının qorunması üçün vacibdir. Bunu gündəlik adət halına çevirmək üçün ailənizlə bu yoxlama vərəqinə əməl edin.

Maskanı taxarkən

•Maskanı taxmazdan əvvəl həmişə əllərinizi sabun və bol su ilə yumağa başlayın.

•Əmin olun ki, maska təmizdir. Maskada yırtıq və ya deşiklərin olub-olmadığını yoxlayın. Maska çirkli və ya zədələnmiş olsa onu geyinməyin.

•Maskanı elə tənzimləyin ki, o yanlarda boşluqlar qoymadan, ağızı, burunu və çənəni tam etibarlı bağlasın.

•Nəfəs almağın rahat olduğuna əmin olun.

 Maskanı geyinib istifadə edərkən

•Maskanı çirkləndiyi və ya nəmləndiyi zaman dəyişdirin.

•Maskanı burun və ya çənənin altına, aşağıya doğru çəkməyin, eləcə də onu başınıza taxmayın – maskanın effektiv olması üçün o, ağzı və burnu tam örtməlidir.

•Maskanı geyindiyiniz zamanı ona toxunmayın.

Məsləhət: əgər siz və ailəniz maskaları çıxarmağı və gün ərzində onları yenidən istifadə etməyi planlaşdırırsınızsa, özünüzlə maskaları saxlamaq üçün təmiz, ağzı bağlanan paketlər götürün. Ailənizdə hər bir maska üçün ayrı-ayrı paketlərdən istifadə edin. Mümkün çirklənmənin qarşısını almaq üçün, maskanı çantaya yerləşdirərkən və ya ordan çıxararkən, elastik ilmələrdən və ya qaytanlardan (maskanın səthinə toxunmadan) istifadə edin. Maskanı geyinməzdən əvvəl əllərinizi yumağı unutmayın.

Maskanı çıxardığınız zaman

•Maskanı çıxarmadan öncə əllərinizi yuyun.

•Maskanı çıxararkən elastik ilmələrdən və ya qaytanlardan istifadə edin. Maskanın ön hissəsinə toxunmaqdan çəkinin.

•Maskanı çıxarandan sonra əllərinizi yuyun.

•Parça maskaları hər istifadədən sonra yuyulmalı və təmiz paketdə saxlanılmalıdır.

•Tibbi maskalar birdəfəlik istifadə üçündür və qapalı zibil qutusuna atılmalıdır.

 Geniş yayılmış 6 səhvdən çəkinmək lazımdır:

•Maskanı burundan aşağıya çəkməyin

•Çənəni açıq qoymayın

•Maskanı çənənin altına çəkməyin

•Maskanı geyinib istifadə etdiyiniz zaman ona toxunmayın

•Boş sallanan maskanı geyinməyin

•Çirkli, zədələnmiş və ya nəm maskanı geyinməyin.

Övladlarınızla maskalar haqqında söhbət

COVİD-19 pandemiyası stress, narahatlıq və kədər gətirərək bütün dünyada ailə həyatını pozdu. Aydındır ki, maskalar bir çox uşaqlarda, xüsusilə də maska geyinməyə adət etməyən yerlərdə bu cür hissləri gücləndirə bilər. Xüsusilə, kiçik yaşlı uşaqlarda maska geyinmək çaşqınlıq və üzüntü yarada bilər.

Əgər ailəniz əvvəllər maska geyinməyibsə, övladlarınızla bu məsələyə açıq şəkildə və iltifatla yanaşmaq vacibdir. Maskanın geyinilməsi bir vərdiş formalaşması prosesidir, odur ki, daimi xatırlatmalar və ardıcıl davranış bu işdə əsas amil olacaq. Həmçinin, övladlarınızın özlərini və digər hər kəsi qoruması üçün, onlara maskanın digər əsas ehtiyat tədbirləri ilə (məsələn fiziki məsafənin saxlanılması, əllərin tez-tez yuyulması kimi) daim birləşməli olduğunu xatırlatmaq vacibdir.

Ailənizdə maskanın tətbiqinə kömək etmək üçün bəzi ideyalar:

Dürüst olun

Yaşa uyğun ifadələrdən istifadə edin və övladınızın narahatlıq səviyyəsinə həssas yanaşın. Etiraf edin ki, maskalar heç birimiz üçün super əyləncəli deyil. Lakin onlara, maska taxmaqla, daha yaşlı və xəstəliyə daha həssas insanlar daxil olmaqla, ətrafımızdakıları qorumaq üçün necə kömək edə biləcəyimizi onlara izah edin. Bizim maska geyinməyimiz, bir-birimizin qayğısına qaldığımızı göstərir.

Onlara xatırladın ki, COVİD-19-u dayandırmaq üçün səylə çalışan bir çox mütəxəssislər var, lakin onlar, bizim yardımımıza ehtiyacı duyurlar və bu, bütün ehtiyat tədbirlərinə əməl etmək deməkdir.

Hamımız üçün yadda saxlamaq vacibdir ki, yalnız maska geyinmək özü-özlüyündə bizi təhlükədən qorumur, biz tez-tez əllərimizi yumalı və evlərimizdən kənarda insanlarla məsafə saxlamalıyıq.

 Dinləyin və empatiya nümayiş etdirin

Övladlarınızdan nə düşündüklərini soruşun və onların bədən jestlərində və ya səs tonlarında dəyişiklik kimi narahatlıq əlamətlərinə fikir verin. Övladlarınızın suallarına bacardığınız qədər yaxşı cavab verin. Bütün sualların cavablarını bilməmək normal haldır – bu hamımız üçün yeni vəziyyətdir. Onlara xatırladın ki, istənilən vaxt hər hansı sual və ya narahatlıq ilə sizin yanınıza gələ bilərlər. Müntəzəm olaraq övladlarınızdan özlərini necə hiss etdiklərini soruşun. Söhbətə başlamaq və övladlarınızda olan məlumatların etibarlığını yoxlamaq üçün, yaşlarından asılı olaraq onların dostlarından nə eşitdiklərini soruşa bilərsiz.

Evdən başlayın

Bir müddət evdə birlikdə maska geyinməyə çalışın və tədricən maska geyinməyə adət etmək məqsədilə övladlarınıza kömək etmək üçün daha çox vaxt ayırın. Yuxarıdakı yoxlama vərəqindən istifadə edərək, birlikdə maskaların taxılmasını, istifadəsini və çıxarılmasını praktikada tətbiq edin.

Unutmayın ki, azyaşlı uşaqlar daha çox təbəssüm kimi vizual ünsiyyət siqnallarına güvənirlər, odur ki, onlarla birlikdə üzlərində maskalarla təbəssüm etməyi sınayın və bu işdə səs tonunuzun necə kömək edə biləcəyini düşünün. Siz həmçinin, uşaqlarla birlikdə maskaları, onların sevimli yumşaq oyuncaq heyvanlarına taxa bilərsiz ki, maskalar uşaqlar üçün daha doğma görsənsin.

Uşaqları cəlb edin

Maskalar müxtəlif rənglər və dizaynda olur və uşaqlar maskaları özlərini ifadə etmək imkanı kimi görəcəklər. Maska və ya parça seçimini əyləncəli bir məşğuliyyətə çevirməyə və övladlarınızı mümkün qədər çox cəlb etməyə çalışın. Unutmayın ki, övladlarınızın maskalarının görünüşü bir nə qədər onların xoşuna gəlsə, bir o qədər maskaları, hətta siz evdə olmadığınız zaman geyinmək ehtimalı çox olacaq.

Ardıcıl olun

Maskadan uğurlu istifadə yeni vərdişin formalaşması deməkdir, odur ki, düzgün davranışın modelləşməsi və təkrarlama əsas amillərdir. Maskanın düzgün geyinilməsinin əhəmiyyətini təkrarlamaq üçün yollar tapın və yanlış bir şey görsəniz, ailə üzvlərinizi bir-birinə bunu xatırlatmağa təşviq edin. Uşaqlar tez uyğunsuzluqların fərqinə varırlar, buna görə onlara necə nümunə olduğunuz haqqında düşünün, habelə ailənizin ətrafında qohumları və dostları maska geyinmək tövsiyələrinə riayət etməyə həvəsləndirin.