XƏBƏR

Ürək-damar xəstəliklərinin əsas səbəbləri: Bunları aradan qaldırmaq mümkündür?

date 18 Sentyabr 2020

Ürək-damar xəstəliklərinin əsas səbəbləri: Bunları aradan qaldırmaq mümkündür?

Ürək-damar xəstəliklərinin yaranma səbəbləri arasında həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma əsas yeri tutur.

e-tibb.az xəbər verir ki, bunu ürək-damar cərrahı, Mərkəzi Gömrük Hospitalının uzman həkimi Elməddin Əliyev bildirib. Onun sözlərinə görə, bütün bunları aradan qaldırmaq və müalicə yolu ilə bu xəstəliklərdən sağalmaq mümkündür: “Ürək-damar xəstəlikləri aşkar edildikdə ilk növbədə, fiziki aktivliyi artırmaqla, hərəkət etməklə özünüz sağlamlığınızı qorumuş olarsınız. Məsələn, oturaq həyat tərzi keçirən insanlar, günlərini masa və kompüter arxasında keçirən ofis işçiləri heç olmazsa işdən sonra bir neçə saat hərəkət etməlidir. Həftəsonu isə mümkün qədər çox gəzmək, idmanla məşğul olmaq, açıq havada olmaq məsləhətdir”.

Həkim deyib ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də arterial təzyiqin normada olmamasıdır: “Əgər siz yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu xəstəliyi idarə edə bilərsiniz. Təzyiqiniz çox yüksəkdirsə, mütləq həkimə müraciət edib müalicə almalısınız. Bununla yanaşı, sağlam qidalanmaya keçmək məsləhətdir. Duzlu, yağlı, qızardılmış qidalardan uzaq olmaq lazımdır. Qidalanma ilə əlaqədar xolesterolunuz yüksəkdirsə, bunu pəhriz ilə həll etmək mümkündür”.

Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstəliklərindən qorunmağın yollarından biri də stressdən uzaq olmaqdır: “Məlumdur ki, bir çox ağır xəstəliklərin ilkin səbəbi stressdir. Stress bir çox xəstəlikdə olduğu kimi, ürək xəstəliklərində də əsas risk faktorudur. Bəzən insanlar siqaretin və alkoqollu, enerjili içkilərin zərərini bilsə də, bunu ağır xəstəliklərin səbəbi hesab etmirlər. Bu, səhv fikirdir. Alkoqolu və siqareti qəbul etməyi dayandırmaqla, ağır xəstəliklərdən qorunmuş olarsınız”.