BLOQ

Ürək vurğularının sayı yaşam göstəricisidirmi?

date 17 Sentyabr 2020

Ürək vurğularının sayı yaşam göstəricisidirmi?

"İnsan ömrünün müddət göstəricisi aylarla, illərlə ölçülmür. Ömrün yeganə göstəricisi ürək vurğularının say ehtiyatıdır. Orqanizmdə olan bütün əzələlər kimi, ürək əzələsinin də insanın bütün həyatı boyu ürək vurğularını hazırlamaq üçün müəyyən olunmuş limiti vardır".

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov "Ürək vurğlarının sayı yaşam göstəricisidirmi?" adlı məqaləsində bildirib.

E-tibb.az həmin məqaləni təqdim edir:

Təsdiq olunmuşdur ki, bütün canlılarda ürək vurğularının sayı (ÜVS) yaşam müddəti ilə əks proporsionaldır. O canlıda ki, ÜVS çoxdur, onun ömrü qısadır. Əksinə, o canlıda ki, ÜVS azdır, onun ömrü uzundur. Belə ki, tisbağada ÜVS dəqiqədə təqribən 240 vurğudur, onun ömrü 6 il civarındadır, siçan və siçovulda ÜVS təqribən 240 vurğudur, onun ömrü orta hesabla 6 ildir. Amma bu qaydada bir istisnalıq vardır – bu insan amilidir. İnsan bu şkalaya yerləşmir. Əgər insanın ÜVS-nə istinad etsək, onda insanın yaşam müddəti atın ömrü qədər olmalıdır, başqa sözlə 25-30 il. Məlumdur ki, insan daha çox yaşayır və bu onu göstərir ki, “nəbz qaydaları” bütün hallarda yüz faiz səviyyəsində işləmir.

İnsan ömrünün müddət göstəricisi aylarla, illərlə ölçülmür. Ömrün yeganə göstəricisi ürək vurğularının say ehtiyatıdır. Orqanizmdə olan bütün əzələlər kimi, ürək əzələsinin də insanın bütün həyatı boyu ürək vurğularını hazırlamaq üçün müəyyən olunmuş limiti vardır. İnsanlarda ürək vurğularının orta göstəricisi 3 (üç) milyarddır. Bu saya çatana qədər ürək döyünür, sonra dayanır və ölüm baş verir. Bu, inteqral göstəricidir. Normada ÜVS dəqiqədə 60-90 vurğudur. Məlumdur ki, xəstəliklər zamanı, fiziki və ya emosional yüklənmədə, çox yedikdə, alkoqol qəbulunda və siqaret çəkəndən sonra insanın ÜVS-i artır.

Fiziki yükün insanın yaşam müddətinə təsiri barədə bəzi insanların fikirləri yanlışdır. Onlar düşünürlər ki, bir halda ki, fiziki iş ÜVS-i artırır və nəticə etibarı ilə yaşam müddətini azaltmalıdır. Bunu əsas tutan insanlar yaşam müddətini artırmaq üçün fiziki işdən uzaqlaşaraq, sakit (passiv) həyat tərzinə üstünlük verirlər. Amma həqiqətdə bu heç də belə deyil. Əksinə, fiziki iş ÜVS-i tədricən azaldaraq, yaşam müddətini artırır. Məsələn, tutaq ki, hər hansı bir şəxsdə sakitlik zamanı nəbzin sayı dəqiqədə 72 vurğudur və onun işi oturaq işdirsə, onda bu göstərici orta nəbz hesab oluna bilər. Bu halda həmin şəxsin yaşam müddəti 79.3 ilə bərabər olmalıdır. Bir anlıq təsəvvür edin ki, həmin adam həftədə 2 saat qaçır (dəqiqədə 150 nəbz). 1 ildən sonra onun ÜVS dəqiqədə 60 vurğuya qədər azalır. Fiziki yükü də nəzərə alsaq, onda orta nəbz dəqiqədə 61 vurğuya bərabər olacaq. Bu nəbz üçün yaşam müddəti 93.6 ilə bərabərdir.

Ürək vurğularının sayı və arterial hipertenziya

İlk dəfə ÜVS-in artmasının arterial hipertenziyanın (AH-ın) inkişafında proqnostik rolu barədə fikir Levy. R.L. Tərəfindən 75 il öncə bildirilmişdir. ABŞ-da ordunun böyük zabit heyətinin müayinəsi zamanı tədqiqatçılar 4 qrup insanları ayırd etmişlər: 1-ci qrup insanlarda “tranzitor taxikardiya” müəyyən edilmiş, 2-ci qrupda “tranzitor hipertoniya”, 3-cü qrup insanlarda “tranzitor taxikardiya+ tranzitor hipertoniya”-nın kombinasiyası, 4-cü qrupda nə “tranzitor taxikardiya”, nə də “tranzitor hipertoniya” müşahidə olunmamışdır. “Tranzitor taxikardiya”sı olan hərbçilərdə ÜVS-in və AT-nın səviyyəsi normal olanlarla müqayisədə stabil arterial hipertenziya 2-3 dəfə çox inkişaf etmişdir. Sonralar Gillmann M.W. Fremingham tədqiqatında və Palatini P. HARVEST tədqiqatında taxikardiya ilə arterial hipertenziyanın inkişafı arasında əlaqənin olmasını əsaslı şəkildə sübut edə bildilər.

Ürək vurğularının sayı və xronik koronar sindromu

ÜVS ilə ölüm halları arasındakı əlaqə həmçinin xronik koronar sindromu olan xəstələrdə də aşkar edilmişdir. CASS (Coronary Artery Surgery Study) tədqiqatının nəticələrinə əsaslanaraq belə qənaətə gəliblər ki, yaş, cins və ya yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ÜVS-in artması zamanı xronik ÜİX olanlarda ürək-damar ölümü proqressiv artır.

Qeyd etmək lazımdır ki, digər tədqiqatların nəticələri kəskin və xronik koronar sindromu olan pasiyentlərdə ÜVS-in artması ilə ölüm arasında müsbət korrelyasiya əlaqəsinin olmasını göstərmişlər.