XƏBƏR

Xərçəngdən qoruyan qarpız: Kəsiləndən sonra növbəti günə qaldıqda...

date 1 Sentyabr 2020

Xərçəngdən qoruyan qarpız: Kəsiləndən sonra növbəti günə qaldıqda...

Qarpızın kəsilən gün yeyilməsi məsləhətdir. Kəsildikdən sonra soyuducuda 10-15° C, xırda hissələrə doğranmış halda isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun mütəxəssisləri açıqlayıb. Onların hazırladığı maarifləndirici məlumatda bildirilirb ki, kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır.

 

Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir.

 

Mütəxəssislər Günəş altında və yol kənarlarında satılan qarpızların alınmasını tövsiyə etmir. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.

O da vurğulanıb ki, qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməlidir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər.

Qeyd olunub ki, 92 %-i sudan ibarət olan qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium (K) və maqnezium (Mg) kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir.