XƏBƏR

Yaddaş, nitq, davranış pozulması - Alzheimerdən qorunmaq üçün nələr vacibdir? - Professordan TÖVSİYƏLƏR

date 21 Sentyabr 2020

Yaddaş, nitq, davranış pozulması - Alzheimerdən qorunmaq üçün nələr vacibdir? - Professordan TÖVSİYƏLƏR

Alzheimer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olan və çox rəst gəlinən bir demensiya növüdür. Alzheimer xəstəliyi koqnitiv proseslər və digər funksiyaların enməsi, baş beyninin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhv olması səbəbindən idrak prosseslərinin (yaddaş, təfəkkür, qavrama və nitq) və ali qabıq funksiyalarının pozulması ilə nəticələnə bilər.

e-tibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov 21 sentyabr Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü ilə bağlı açıqlamasında bildirib.  

Professor alzheimer xəstəliyinin simptomları haqda danışaraq ilk növbədə, idrak (yaddaş, nitq, məntiq) və davranış proseslərinin pozulmasını qeyd edib. O, xəstəliyin ilkin mərhələsində simptomların daha yüngül olduğunu, sonrakı mərhələlərdə ciddi fəsadlara gətirib cıxardığını bildirib.

Onun sözlərinə görə, kiçik yaddaş problemləri (yeni məlumatın, son danışıqlar və hadisələrin, insanların, əşyalar və yerlər adlarının yadda qalmaması) ilə başlayan xəstəlik irəlilədikcə ondan əziyyət çəkənlərdə hallüsinasiya və fantastik ideyaların yaranması, yaxınlarını tanımaması, hərəki funksiyaların pozğunluğu, öz hərəkət və fikirlərinə qarşı məsuliyyətin yox olmasına gətirə bilər.

Xəstəliyin diaqnostikası haqqında məlumat verən həkim bu sahədə ən effektiv diaqnostik üsulun Psixi Statusun Qısa Qiymətləndirilməsi Şkalasının (Mini-Mental State Examination, MMSE) aparılması olduğunu deyib.

Alzheimer xəstəliyinə tutulma risk qrupları haqqında danışan F. İsmayılov deyib ki, yaşları 65-dən yuxarı olan insanların tutulma riski daha yüksəkdir, lakin xəstəliyin erkən forması artıq 40 yaşdan sonra da başlaya bilər: “Belə hallar, əsasən, irsi xarakter daşıyır. Bəzi mənbələrə görə, qadınlar ömürləri daha uzun olduğu səbəbindən bu xəstəlikdən kişilərə nisbətən 6-10 qat daha çox əziyyət çəkir”.

Həmçinin, professor bu xəstəliyə tutulma risk qrupuna alkoqolu qəbul edən, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterol və şəkəri olan və kəllə-beyin travmalarını alan insanların daxil olduğunu qeyd edib: “Təəssüf ki, Alzheimer xəstəliyi üçün məlum bir müalicə metodu hələ də mövcud deyil. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən dərman müalicəsi var. Alzheimer xəstələrinin beyinlərində Asetilxolin adlı kimyəvi maddə çatışmır. Bu maddə tərkibli dərmanların qəbulu koqnitiv funksiyalarının enmə sürətini xeyli azalda bilər. Medikamentoz müalicə ilə yanaşı qeyri-medikamentoz müdaxilələrin aparılması tövsiyə olunur. Xəstələrə gündəlik həyat fəaliyyətinin təşkilinə yönəlmiş müxtəlif davranış metodlarının istifadəsi, düzgün qidalanma, aqressiya və depressiyanın büruzə verməsi istiqamətində müalicə rejiminə riayət etmə məsləhət görülür. Bundan başqa, xəstənin ailə üzvlərinin pasiyentə qarşı qayğı göstərməsi xəstəliyin ağırlaşma profilaktikası üçün faydalıdır”.

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri dünyada Alzheimer xəstələrinin artma dinamikasının son vaxtlarda dəyişmə səbəblərindən danışaraq deyib ki, hazırda dünyada 52 milyona yaxın insan Alzheimer xəstəliyindən əziyyət çəkir, lakin proqnozlara əsasən, 2030 ildə bu rəqəmin 75, 2050 ildə isə 152 milyona qədər artması gözlənilir: “Bu artımın əsas səbəblərindən biri dünyada ömrün uzunluğunun artmasıdır, çünki yaş Alzheimer xəstəliyini yaradan və inkişaf etdirən əsas faktorlardan biridir. Dünya statistikasına əsasən, 65 yaşdan sonra hər 14 insandan birində, 80-dən sonra isə hər 6 nəfərdən birində bu xəstəlik müşahidə olunur”.

Bəs alzheimer xəstəliyinin profilaktikası nədən ibarətdir?

Psixiatr bu sahədə bir neçə tövsiyə verib. Professor ilk növbədə fiziki aktiv olmağı (həftədə ən az 3 dəfə kardio məşqlər və qaçışla məşğul olmaq), sağlam qidalanmağı (rasiona tərəvəz, qoz-fındıq, zeytun yağı, mavi giləmeyvə, lobya, tam taxıl qidaları, balıq, quş əti əlavə etmək) və sutkada ən azı 7-8 saat yatmağı məsləhət görüb.

Onun sözlərinə görə, bundan başqa, davamlı və balanslanmış əqli və fiziki fəaliyyətlə məşgul olmaq lazımdır. Mütəxəssisin fikrincə, bunlar beyin sağlamlığını artıra və xəstəliyin inkişafının qarşısını ala bilər. Xarici dilləri öyrənmək insanın düşüncə proseslərinin və yaddaşının aktivləşdirilməsinə səbəb olur, alimlər və poliqlotların xəstəlikdən daha az əziyyət çəkdikləri sübut olunub.